Anbar hesabatındakı problemlər adətən sistemdə deyil, prosesdə olur. Aşağıda ən çox rastlaşdığımız beş səhvi topladıq.

1. Məhsulun bir neçə kartı

Eyni məhsul fərqli adlarla iki-üç dəfə yaradılır. Nəticədə qalıq bölünür, hesabat düzgün olmur. Həlli — barkod üzrə unikal məhsul kartı.

2. Qaimə sonradan yazılır

Mal çıxır, sənəd bir-iki gün sonra yazılır. Bu müddətdə qalıq real vəziyyəti göstərmir. Kassa və ya sifariş modulu ilə işləmək bu boşluğu aradan qaldırır.

3. Alış qiyməti yenilənmir

Yeni partiya baha alınır, sistemdə köhnə qiymət qalır. Marja səhv hesablanır. Alış qaiməsi hər partiyada maya dəyərini yeniləməlidir.

4. Qaytarmalar hesabata düşmür

Müştəri malı qaytarır, anbarda fiziki var, sistemdə yoxdur. Qaytarma əməliyyatı ayrı sənəd kimi qeyd olunmalıdır.

5. Sayım nəticəsi sənədləşdirilmir

Fiziki sayım aparılır, fərq isə sistemdə düzəldilmir. Sayım aktı üzrə düzəliş sənədi olmalıdır ki, fərqin səbəbi sonradan izlənə bilsin.